Bu gün, yanvarın 17-də Dağlıq Qarabağda separatçı qurumun "dövlət naziri" olmuş milyarder Ruben Vardanyanın məhkəməsi başlayır.
R.Vardanyan terrorizm, insanlığa və Azərbaycan dövlətinə qarşı cinayətlərdə ittiham olunur. Lakin Vardanyan ona qarşı irəli sürülmüş siyasi motivli cinayət ittihamlarını rədd edib və bildirib ki ona müdafiə üçün kifayət qədər vaxt verilməyib.
Bu barədə onun Ermənistandakı ailəsi "Telegram" hesabında məlumat verib və bildirilib ki, bu bəyanatı Vardanyan həftəlik telefon zəngi zamanı çatdırıb.
"Mən rəsmi olaraq bəyan edirəm: Həbs olunduğum gündən etibarən yalnız ilk dindirilmə zamanı adımı və soyadımı bildirmişəm, başqa heç bir ifadə verməmişəm. İmzalı bütün protokollar saxtalaşdırılıb. Bu sənədlər əslində mövcud deyil. Mənim vəkilim və tərcüməçim bu sənədləri imzalamağa məcbur edilib", - keçmiş separatçı qurumun "dövlət naziri" deyib.
Prokurorlar bildiriblər ki, Vardanyan iş üzrə materiallarla tam tanış olub, istintaq zamanı ona hüquqi müdafiə, üstünlük verdiyi dildən istifadə və digər prosessual hüquqlar verilib.
Vardanyan bəyanatında bununla razılaşmadığını bəyan edərək ona qarşı, bəzilərində ömürlük həbs cəzası nəzərdə tutulan, ümumilikdə 42 ittiham irəli sürüldüyünü bildirib. Lakin o, rəsmi ittiham aktını tam şəkildə nəzərdən keçirmək imkanı əldə etmədiyini qeyd edib.
R.Vardanyan vurğulayıb ki, cinayət işinin 422 cilddən ibarət materialları ona və vəkilinə 2024-cü il dekabrın 9-da təqdim olunub. O qeyd edib ki, bu sənədlər onun bilmədiyi Azərbaycan dilindədir.
R.Vardanyan ittiham aktını öyrənmək üçün daha çox vaxt ayrılması, açıq məhkəmə prosesinin keçirilməsi və onun işinin digər 15 təqsirləndirilən şəxsin (keçmiş separatçı qurumun digər təmsilçiləri) işi ilə birləşdirilməsi ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün ictimaiyyətdən dəstək istəyib.
28 dekabr
Ruben Vardanyana yekun ittiham verilib
Dağlıq Qarabağda separatçı qurumun "dövlət naziri" olmuş milyardçı Ruben Vardanyana yekun ittiham elan edilib.
Bu barədə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə məlumatında bildirilir.
Qeyd olunub ki, o, 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma) da daxil, ümumilikdə 15-dən çox maddə ilə ittiham edilir.
Cinayət işi üzrə ittiham aktı dekabrın 28-də təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
16 dekabr
Vardanyanın vəkili: 'Ona qarşı yeni ittihamlar irəli sürülüb'
Dağlıq Qarabağda separatçı qurumun "dövlət naziri" olmuş milyardçı Ruben Vardanyana qarşı yeni ittihamlar irəli sürülüb. Ailəsiylə vəkilinin dekabrın 16-da yaydığı bəyanatda belə deyilir.
"Təqsirkar bilinəcəyi halda ona ömürlük həbs cəzası verilə bilər. Ruben Vardanyana qarşı irəli sürülən yeni ittihamlar Azərbaycan Cinayət Məcəlləsinin 20-dək fərqli maddəsini əhatə edir", - həmin bəyanatdan sitatdır.
Bəyanatda o da bildirilir ki, Vardanyana qarşı "saxta sübutlar" 25 mindən çox səhifədə Azərbaycan dilində təqdim edilib. İddialara görə, milli güvənlik səbəblərindən Azərbaycan tərəfi Vardanyandan işin detallarını gizlədib.
Vardanyanın vəkili Cared Qenzerin fikrincə, bununla da rəsmi Bakı müstəqilliyi və qərəzsizliyi şübhə doğuracaq gizli məhkəmə prosesi keçirmək istəyir. O əlavə edib ki, Qarabağda baş verənlərin bütün məsuliyyətini Vardanyanın boynuna qoymaq istəyi var.
"Bu absurda son qoymaq üçün demokratik dünya heç bir addım atmasa, qorxuruq ki, onu yenidən görə bilməyək", - oğlu David Vardanyanın sözləridir.
Rəsmi Bakı Vardanyanın vəkilinin ittihamlarını rədd edib və onun müvəkkiliylə görüşmək üçün Azərbaycana gəlişini yasaqlayıb.
R.Vardanyan Cinayət Məcəlləsinin 214-10ci (terrorçuluğu maliyyələşdirmə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli sayılır.
İttihamları rədd edən Vardanyan 2022-ci ilin noyabrında, Rusiya prezidenti Vladimir Putin onu Rusiya vətəndaşlığından çıxarmazdan bir ay öncə Qarabağdakı separatçı quruma "dövlət naziri" təyin edilib.
O, baş nazir Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinə yönəlik siyasətini tənqid edib və ötən ilin martında Azərbaycanın basqısıyla vəzifəsindən kənarlaşdırılıb. Həmin il sentyabr əməliyyatlarından sonra da həbs edilərək Bakıya gətirilib.
Ermənistan hökuməti separatçı liderlərin həbsini pisləyərək onların azad olunması üçün beynəlxalq ictimaiyyətə müraciət edib.
Erməni müxalifəti isə düşünür ki, hökumət Vardanyan haqqında səsləndirdiyi fikirlərlə rəsmi Bakıya bu həbsləri legitimləşdirməyə kömək edib.
Yerevandakı mətbuat konfranslarının birində N.Paşinyan Rusiya vətəndaşlığından imtina edən Vardanyanın hansı məqsədlə Qarabağa köçdüyünü soruşmuşdu. Rəsmi Bakı da daha öncə Vardanyanın Rusiya maraqlarını güdmək üçün Moskvadan göndərildiyini bildirmişdi.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.
Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.