Bakıda ilyarıma yaxındır həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın "prezident"i olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət 16 nəfərin məhkəməsi başlayıb. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və bu məhkəmənin daha iki hakimindən ibarət kollegiya baxır. Məhkəmə prosesi Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni tikilmiş məktəb binasında keçirilir. Bu da təhlükəsizlik və iş üzrə zərərçəkmişlərin sayına görə proses iştirakçılarının çoxluğuyla izah edilir.
Məhkəmənin açıq keçirildiyi iddia edilsə də, yanvarın 17-də hazırlıq iclası faktiki qapalı şəraitdə baş tutub. Məhkəmə prosesinə yalnız AzTV və "AZƏRTAC" dövlət agentliyinin əməkdaşları buraxılıb.
16 nəfərdən 15-i birlikdə mühakimə olunur, separatçı qurumun "dövlət naziri" olmuş milyarder Ruben Vardanyan isə məhkəmə qarşısına tək çıxarılıb. Vardanyan onun işinə də Harutyunyan və digərləri ilə birlikdə baxılmasını istəyib. Məhkəməsində vəkili vasitəsilə bu haqda vəsatət qaldırıb. Ancaq onun bu istəyinə "yox" deyilib. Onun daha bir istəyi isə cinayət işinin materialları ilə tanış olmaqdan ötrü vaxt verilməsi olub. Vardanyanın bu istəyi nəzərə alınıb və yanvarın 27-dək vaxt verilib.
Bu məhkəmə proseslərində ittihamı altı prokuror müdafiə edəcək ki, onlardan da ikisi Baş prokuror Kamran Əliyevin köməkçiləridir.
AzadlıqRadiosunun məlumatına görə, yanvarın 17-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillər verilib. Həmçinin onlar Azərbaycan dilindən erməni dilinə və əksinə tərcümə edə bilən tərcüməçilərlə təmin ediliblər.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, Qarabağda həyatını itirmiş şəxslərin ailə üzvləri, yaxud da yaralanan yüzlərlə şəxs bu məhkəmədə zərərçəkmiş qismində tanınıb və prosesin gedişində dindiriləcək. Zərərçəkənlər arasında 1992-ci ildə həlak olmuş jurnalist Çingiz Mustafayevin qardaşı Vahid Mustafayev də var.
Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
A.Harutyunyan və digərlərinin işi üzrə məhkəmənin hazırlıq iclası yanvarın 21-də davam edəcək.
Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
'İmzalı bütün protokollar saxtalaşdırılıb' - Vardanyan ona ittihamları rədd edir
R.Vardanyan da əhalini deportasiya etmə, işgəncə, Azərbaycan sərhədini qanunsuz keçmə, beynəlxalq humanitar hüquq normalarını pozma, terrorçuluğu maliyyələşdirmə və başqa əməllərdə suçlanır.
Ailəsinin dediyinə görə, Vardanyan bu ittihamları qəbul etmir. Bu barədə ailəsi "Telegram" hesabında məlumat verib və bildirilib ki, bu bəyanatı Vardanyan həftəlik telefon zəngi zamanı çatdırıb.
"Mən rəsmi olaraq bəyan edirəm: Həbs olunduğum gündən etibarən yalnız ilk dindirilmə zamanı adımı və soyadımı bildirmişəm, başqa heç bir ifadə verməmişəm. İmzalı bütün protokollar saxtalaşdırılıb. Bu sənədlər, əslində, mövcud deyil. Mənim vəkilim və tərcüməçim bu sənədləri imzalamağa məcbur edilib", - keçmiş separatçı qurumun "dövlət naziri" deyib.
Lakin Azərbaycanın istintaq orqanı bəyan edib ki, R.Vardanyanın müdafiə, bildiyi dildən istifadə və digər prosessual hüquqları təmin olunub: "Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin olunub, özü və vəkillərinin verdiyi vəsatətlərə qanunvericiliyin tələblərinə uyğun baxılaraq müvafiq qərarlar qəbul edilib".
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.