"ToplumTV işi" üzrə daha bir jurnalist həbs olunub. Ötən ilin martında saxlanılıb daha sonra barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilən Fərid İsmayılov bu gün, yanvarın 17-də Xətai rayon Məhkəməsinin qərarı ilə həbs olunub.
Vəkil Zibeydə Sadiqova bildirib ki, onun barəsində 2 ay 20 gün müddətində həbs-qətimkan tədbiri seçilib: "Bəhanə kimi qeyd etdilər ki, Fərid müxtəlif rayonlara gedirdi, amma bu barədə polisə məlumat vermirdi, ittihamlar ağırdır və qətimkan tədbiri dəyişməlidir. Halbuki, Fərid həftədə üç dəfə polisə gedib qol çəkirdi".
Z.Sadıqova qeyd edib ki, F.İsmayılov özünü təqsirli bilməyib: "O, jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib. Eyni zamanda, Fərid səhhətində problemlərin olduğunu, əməliyyat keçirdiyini da deyib, amma təəssüf ki, bu, nəzərə alınmadı".
İttihamlar ağırlaşdırıldı
"Toplum" İnternet Televiziyasının işi üzrə ittiham olunan şəxslərin ittihamının ağırlaşdığı bildirilir.
Bu barədə müdafiə tərəfi məlumat verib.
Verilən məlumata görə, onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.
Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.
Həbs olunan şəxslər özlərini təqsirli bilmirlər və həbsini fəaliyyətləri ilə əlaqələndirirlər.
Hələlik, bu məlumata istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Bundan əvvəl "ToplumTV işi" üzrə həbs olunanlar 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi.
Bu iş üzrə bu vaxta qədər həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbardır.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.