Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı Məsud Pezeşkian iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalayıblar.
Son vaxtlar iki ölkə onlara qarşı sərt beynəlxalq sanksiyalar fonunda əməkdaşlığı dərinləşdirib. Tehrana qarşı məhdudiyyətlər onun nüvə və raket proqramlarına görə qüvvədədir; Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə və 2014-cü ildə Krımın ilhaqına görə ABŞ, Böyük Britaniya, Avropa Birliyi və bir sıra digər ölkələrin sanksiyaları altındadır.
V.Putin cümə günü Moskvada imzalanan sazişi "sıçrayış" adlandırıb. O, münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətini açıqlayıb. "Sənəd Rusiya, İran və bütün Avrasiya regionumuzun sabit və dayanıqlı inkişafı üçün lazımi şəraitin yaradılmasına yönəlib", - Putin bildirib.
Pezeşkian, öz növbəsində, Rusiya ilə bu razılaşmanın ikitərəfli münasibətlərdə, xüsusən də ticarətdə "yeni səhifə" açdığını söyləyib.
Rusiya və İran rəsmiləri deyirlər ki, hərtərəfli tərəfdaşlıq sazişi elm, təhsil və mədəniyyətdən tutmuş, ticarət və hərbi əməkdaşlığa qədər bütün sahələri əhatə edir. Müqavilənin üçüncü maddəsində göstərilir ki, "tərəflərdən biri təcavüzə məruz qalsa, digəri təcavüzkara heç bir yardım göstərməməlidir".
İran prezidentinin Rusiyaya səfəri Donald Trampın ABŞ prezidenti kimi andiçmə mərasimindən üç gün əvvəl baş tutub. O, Ukraynada sülhün tezliklə bərqərar olmasına yardım etmək niyyətini bildirib. Tramp habelə artan iqtisadi problemlərlə və digər çağırışlarla, o cümlədən hərbi uğursuzluqlar, bunun Yaxın Şərqdə nəticələri ilə mübarizə aparan Tehrana qarşı daha sərt mövqe tutacağına söz verib.
Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl Pezeşkianın Rusiyaya səfəri ilə Trampın andiçmə mərasimi arasında hər hansı əlaqə olduğunu təkzib etmişdi.
Cümə günü Moskvada Rusiya ilə ikitərəfli saziş imzaladıqdan sonra Pezeşkian bunun Yaxın Şərqdəki münaqişənin həllinə töhfə verəcəyini qeyd edib. "İnanıram ki, imzaladığımız bu saziş xüsusilə regionumuzda sabitliyin bərqərar olmasına kömək edəcək. Biz dialoq aparmağa və bütün maneələri aradan qaldırmağa qadirik", - TASS Pezeşkiandan sitat gətirir.
Rusiya və İran bundan əvvəl prezident Bəşər Əsədin başçılıq etdiyi Suriya hökumətini dəstəkləmək üçün güclərini birləşdirmişdilər. Lakin ötən ilin dekabrında Əsəd əleyhdarlarının ildırımsürətli hücumu zamanı onun rejiminin süqutunun qarşısını ala bilmədilər. O, ailəsi ilə birlikdə Rusiyaya qaçdı.
Putin İran prezidentini qəbul edərkən deyib ki, "Suriyanın gələcəyini inklüziv dialoq yolu ilə suriyalıların özləri müəyyənləşdirməlidir".
Əsəd rejimi uzun illər Moskva və Tehranın hərbi və siyasi dəstəyinə arxalanıb. İndi ekspertlər qeyd edirlər ki, Moskva və Tehran Dəməşqdə iflasa görə açıq şəkildə bir-birini günahlandırmağa başlayıblar və Suriyadakı hadisələr son vaxtlar iki ölkə arasında yaranan fikir ayrılıqlarını daha qabarıq göstərib.