Rusiya və İran bu gün strateji tərəfdaşlıq sənədi imzalayacaq

Rusiya prezidenti Vladimir Putin Kazanda BRICS sammiti çərçivəsində İran prezidenti Məsud Pezeşkian ilə.

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian bu gün - yanvarın 17-də Moskvada "hərtərəfli strateji tərəfdaşlıq" sazişi imzalayacaq. Moskva və Tehran illərdir dərinləşən əməkdaşlıqdan sonra münasibətlərini daha da gücləndirmək istəyirlər.

İran dövlət başçısının Moskvaya səfəri və yeni tərəfdaşlıq sazişinin imzalanması barədə məlumatı bu həftənin əvvəlində Kremlin mətbuat xidməti yayıb.

Yanvarın 14-də keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi də xəbəri təsdiqləyərək bildirib ki, bu sənədin hazırlanması prosesi təxminən iki il yarım davam edib. İran XİN sözçüsü imzalanacaq bu sazişi on illər əvvəl imzalanmış sənədin "yenilmiş mətni" kimi xarakterizə edib.

TASS agentliyi isə İranın Rusiyadakı səfiri Kazım Cəlaliyə istinadən yazıb ki, yeni saziş 20 il müddətinə qüvvədə olacaq.

Kreml bildirib ki, yeni saziş Tehran və Moskvanın hərbi-siyasi və ticarət-iqtisadi əlaqələrini gücləndirmək məqsədi daşıyır. Sənədlə bağlı əlavə detallar verilməyib, lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirib ki, müqavilə "konstruktiv xarakter daşıyır və Rusiya, İran və dünyanın müxtəlif yerlərindəki dostlarımızın imkanlarını gücləndirməyə yönəlib".

TASS iranlı səfirə istinadən yazıb ki, sazişdə qarşılıqlı müdafiə bəndi olmayacaq.

"Bu sazişin mahiyyəti Rusiyanın imzaladığı digər sazişlərdən fərqlidir", - K.Cəlali bildirib. "Belarus və Şimali Koreya bizim daxil olmadığımız sahələrdə Moskva ilə əməkdaşlıq edir", - o əlavə edib.

Yanvarın 16-daK.Cəlali digər bir açıqlamasında bildirib ki, İran və Rusiya öz "gizli mesajlaşma sistemi"ni istifadəyə verib və artıq SWIFT-ə ehtiyac duymur. SWIFT beynəlxalq ödənişlərin həyata keçirilməsi üçün istifadə olunan təhlükəsiz maliyyə sistemidir. Bir neçə Rusiya bankı 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına cavab olaraq bu sistemdən çıxarılıb.

Trampın Ağ evə qayıtmasına bir neçə gün qalır...

Cəlalinin sözlərinə görə, İran Mərkəzi Bankının rəhbəri də ikitərəfli valyuta sazişi ilə bağlı Rusiya ilə məsləhətləşmələr aparır. Həm Rusiya, həm də İran energetika sənayesinə tətbiq olunan məhdudiyyətlər də daxil olmaqla, ciddi Qərb sanksiyaları ilə üzləşir.

Pezeşkianın səfəri və sözügedən sazişin imzalanması Tehranla Moskva arasında münasibətlərin dərinləşməsinin növbəti əlamətidir. İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya tədarükü ilə bağlı Qərb ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, iki ölkə hərbi əməkdaşlığı da genişləndirib.

Avropa və ABŞ "Şahed" PUA-ları da daxil olmaqla, Rusiyaya göstərilən çeşidli yardımlara görə İranın müxtəlif qurum və şəxslərinə qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib. İran isə Ukrayna müharibəsində "neytral" olduğunu iddia edir.

İran prezidentinin bu səfəri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ evə qayıtmasından bir neçə gün əvvələ təsadüf edir. Tramp 2018-ci ildə ABŞ-ni İranın nüvə proqramını məhdudlaşdırmaq, bu ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi məqsədilə imzalanan beynəlxalq sazişdən (Birgə Hərtərəfli Fəaliyyət Planı) çıxarıb və 2020-ci ildə İranın yüksəkrütbəli generalı Qasım Süleymaninin öldürülməsi ilə bağlı göstəriş verib.

Keçən il isə Trampı öldürmək üçün İran tərəfindən sui-qəsd planlaşdırıldığı bildirilib. İran hökuməti bu iddianı təkzib edib.