Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ermənistan Baş naziri Ofisinin yaydığı məlumata görə, tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrliyinin nəticələri, İttifaq çərçivəsində qarşıdan gələn tədbirlər, həmçinin Ermənistan-Rusiya ikitərəfli münasibətləri ilə bağlı bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Kremlin saytında isə bildirilib ki, telefon danışığı Ermənistan hökumət başçısının təşəbbüsü əsasında baş tutub.
"Nikol Paşinyan Ermənistanın Avropa İttifaqı ilə münasibətləri kontekstində atdığı son addımlarla bağlı vəziyyəti izah edib. Rusiya lideri isə bu məsələ ətrafında müvafiq şərhlərini və qiymətləndirmələrini qarşı tərəfə təqdim edib", - Kremlin saytında bildirilir.
Ermənistan 2024-cü ildə Avrasiya İqtisadi İttifaqına sədrlik edib. Yanvarda sədrlik Yerevandan Minskə keçib.
Hökumət ötən həftə Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib. N.Paşinyan bəyan edib ki, qanun layihəsinin qəbulu Aİ-yə üzvlük demək deyil. "Bu məsələ ilə bağlı referendumun keçirilməsi zəruridir", - o bildirib.
Rəsmi Moskva isə Yerevanın bu qərarına cavab olaraq xatırladıb ki, Avrasiya İqtisadi İttifaqına üzvlük Ermənistanın Avropa İttifaqına daxil olmaq istəyi ilə bir araya sığmır.
"İki struktur fərqli prinsiplər üzərində işləyir, onlar fərqli azad ticarət zonalarıdır", - Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.