Aleksey Navalnının keçmiş vəkilləri həbs olunub

İqor Serqunin, Aleksey Liptser və Vadim Kobzev

Rusiyanın Vladimir vilayətinin məhkəməsi yanvarın 17-də mərhum müxalifət lideri Aleksey Navalnının keçmiş vəkilləri - Vadim Kobzev, Aleksey Liptser İqor Serquninin həbsi barədə hökm elan edib.

Vəkillər Kremlin sərt tənqidçisi, müxalifət lideri Navalnının həbsxanadan çıxardılan yazışmalarını daşıdıqları üçün azadlıqdan məhrum ediliblər.

Navalnının yazıları sosial şəbəkələrdə diqqətə yetirilib və onun 36 ölkədə 26 dildə nəşr olunan "Patriot" adlı xatirələri üçün əsas olub. Məhkəmənin fikrincə, vəkillər yazışmaların ötürülməsinə kömək etməklə ekstremist təşkilata qatılıblar. Məhkəmə müəyyən edib ki, məktublar Navalnıya "ekstremist icmanın lideri və direktoru" funksiyalarını yerinə yetirməsini davam etdirməyə imkan verib.

Rusiya hakimiyyəti 2021-ci ildə Navalnının regional qərargahlar şəbəkəsini "ekstremist təşkilat" sayaraq onun Rusiyada fəaliyyətini yasaqlamışdı.

Məhkəmənin hökmünə görə, Kobzevə 5 il 6 ay, Liptserə 5 il, təqsirini boynuna alan Serquninə isə 3 il 6 ay həbs cəzası verilib. Hər üç vəkil 2023-cü ilin oktyabrından bəri istintaq təcridxanasında saxlanılır.

Eyni ittihamlar üzrə Navalnının digər iki vəkilinə - Olqa MixaylovaAleksandr Fedulova qarşı həbs orderləri çıxarılsa da, onlar saxlanılmazdan öncə ölkədən çıxa biliblər.

Böyük cinayətlərdə suçlanan şəxsləri müdafiə edən "Pervıy Otdel" (Birinci Bölmə) hüquq birliyi "Telegram" kanalında vəkillərin həbsi ilə bağlı hökmü "qanunsuz siyasi təqib" adlandırıb. "Müdafiə əməkdaşlıq deyil! Vəkillər müştərilərinin tərəfdaşları və ya şərikləri deyil, onlar Konstitusiya ilə təsbit edilmiş müdafiə hüququnu təmin edirlər... Bu, hüququn əsas prinsiplərinin qaba şəkildə pozulmasıdır", - təşkilatın vurğulamasıdır.

Ötən ilin fevralında Putinin ən tanınmış tənqidçisi A.Navalnı Sibir həbsxanalarının birində şübhəli ortamda vəfat edib.