"Meydan" televiziyası ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən Aynur Qəmbərova (Elgünəş) və Natiq Cavadlının həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatəti təmin olunmayıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, müdafiə tərəfindən verilmiş vəsatət yanvarın 17-də Xətai rayon Məhkəməsində baxılıb.
Vəkil qeyd edib ki, məhkəmədə A.Qəmbərova jurnalist fəaliyyətinə görə həbs olunduğunu deyib və həbsini siyasi motivli adlandırıb.
E.Sadıqov bildirib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.
Ötən il dekabrın 8-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı saxlanılanların məhkəmə prosesi keçirilib. Məhkəmə Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayilzadə (Deko) və Ülvi Tahirov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən əlbir törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Jurnalistlərin hamısı "qaçaqmalçılıq" ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər. Onlar dekabrın 6-da saxlanmışdılar.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.