Əhməd əl-Avda yeni Suriya hakimiyyətinə təhdid sayıla bilərmi?

Əhməd əl-Avda

Qərb mediası və təhlilçilər onu Suriyada "Rusiyanın adamı" adlandırır. Bəzilərinin də fikrincə, o, ölkənin yeni lideri Əhməd əş-Şəraaya təhdid sayıla bilər.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi yazır ki, ötən ay Bəşər Əsəd rejimi çökəndən sonra ölkəylə bağlı xəbərlərdə Əhməd əl-Avdanın adı daim hallanır.

2011-ci ildə başlanan vətəndaş savaşınadək əl-Avda Dəraa vilayətində qiyamçı qruplaşmalara başçılıq edib. Ardınca da ötən ilin noyabrınadək Əsədin müttəfiqi Rusiyayla əməkdaşlığa başlayıb.

2024-cü ilin noyabrın 27-də - "Həyat Təhrir əş-Şam" (HTŞ) Əsəd hökumətinə qarşı şimaldan ildırımsürətli hücuma başlarkən, əl-Avda və onun döyüşçüləri cənubdan Dəməşqə sarı irəliləyib.

"O, baxış bucağınıza görə ya opportunistdir, ya da ağıllı və praqmatik oyunçu", - "Alov saran ölkə: İnqilab və savaşda olan suriyalılar" kitabının həmmüəllifi Robin Yassin-Kəssab belə deyir.

Güneydəki qiyam

Əl-Avdanın həyatının ilkin çağları barədə dəqiq bilgilər yoxdur. O, yaxınlarının iddialarına görə, hərbi xidmətdən sonra və hələ vətəndaş savaşından öncə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tutub.

Müddətli hərbi xidmətdən başqa heç bir hərbi təcrübəsi olmayan əl-Avdanın 2012-ci ildə Dəraaya qayıtdığı bildirilir.

O, 2014-cü ildə Əsədə qarşı savaşan qiyamçı qüvvələrin koalisiyasına - Azad Suriya Ordusuna qoşulub. Ona "Şəbab əl-Sünna" (Sünni gənclik - red.) taboruna komandirlik tapşırılıb. Tabor daha sonra Dəraa vilayətindəki onun doğulduğu Bosra şəhərinə nəzarəti ələ keçirə bilib.

İddia edilir ki, əməkdaşlığı olsa da, əl-Avda heç vaxt o zaman özünə Əbu Məhəmməd əl-Colani deyən əş-Şəraanın qurduğu islamçı qiyamçı qruplaşmalarla yaxınlaşmayıb. Üstəlik, əl-Avda ölkəni şəriət qanunları ilə yönəltmək barədə istəyini açıq şəkildə bildirməyib.

2018-ci ildə, Suriya hökumət qüvvələrinin ölkənin cənub hissəsini üsyançılardan geri almaq üçün gerçəkləşdirdiyi böyük hücumdan sonra əl-Avda Rusiya ilə razılığa gəlib. Bu razılığa əsasən, qiyamçılar Əsəd hökuməti ilə "barışdılar", ağır silahlardan imtina etdilər və ölkənin cənubundakı varlıqlarını sürdürdülər.

"Əl-Avda, əslində, aşağı səviyyəli muxtariyyətə nail oldu… O, yerli hərbi komandirə çevrildi", - Yassin-Kəssabın sözləridir.

Daha sonra əl-Avda Rusiyanın sponsorluq etdiyi Suriya ordusunun 5-ci korpusuna 2020-ci ildə daxil edilən 8-ci briqadanın komandiri oldu. Ancaq 2024-cü ildə HTŞ-nin başçılığı ilə Əsədə qarşı hücum başlanandan sonra əl-Avda yenidən düşərgəsini dəyişdi. İddiaya görə, o, HTŞ ilə əməkdaşlıq edərək Rusiya ilə əlaqələrini kəsdi və Dəməşq istiqamətində hücuma keçdi.

Yenə iddiaya görə, ötən il dekabrın 8-də - əş-Şəraa Suriya paytaxtına daxil olmazdan öncə əl-Avda və onun qüvvələrini Dəməşqdə görüblər. Di gəl, o, bir neçə saat içində şəhəri tərk edib. Əş-Şəraaya açıq-aşkar meydan oxumasa da, iddia edilirdi ki, o, ölkənin cənubundakı muxtariyyətini qoruyub saxlamaq istəyir.

Əhməd əş-Şəraa Dəməşq məscidində

Rəhbərliyə təhdid?

Misir, Səudiyyə Ərəbistanı və BƏƏ kimi güclü ərəb dövlətləri islamçıların Suriyada hakimiyyəti ələ keçirməsinin regionda fəsadlara yol aça biləcəyindən rahatsızdır.

Bu narahatlıq Əsəddən sonra keçid dövrünü asanlaşdırmaq üçün ABŞ-nin ölkəyə qarşı bəzi sanksiyaları aradan qaldırdığı dövrə təsadüf edir. AzadlıqRadiosunun tanış olduğu qeyri-rəsmi sənədə görə, Avropa İttifaqı (Aİ) da ölkənin neft, qaz, bank və nəqliyyat sektorlarına tətbiq etdiyi sanksiyaları ləğv etməyi düşünür.

Nyu-Yorkda yerləşən "Soufan Group" kəşfiyyat konsaltinq şirkətinin siyasət və araşdırma proqramının direktoru Kolin Klark deyib ki, əgər Suriyanın yeni rəhbərləri ölkəni səmərəli yönəltsələr, bu, islamçı qrupların xeyrinə "gerçək təkan" ola bilər: "BƏƏ və Səudiyyə Ərəbistanının rəhbərliyi narahatdır ki, Suriyada HTŞ döyüşçülərinin hakimiyyəti ələ keçirməsi onların ölkələrindəki islamçıları fəallaşdıracaq. Əgər [əş-Şəraa] ölkəni idarə edə bilsə, bu, "Müsəlman qardaşlığı" kimi qruplar üçün konsepsiyanın sübutu olacaq".

BƏƏ və Səudiyyə Ərəbistanının fikrincə, islamçı hərəkatlar monarxiyaların və siyasi sistemlərinin varoluşuna bir təhdiddir.

Belə olan halda, əl-Avda kimi tanınmış və BƏƏ ilə bağlantılı birisi yaranmış bu duruma sığına bilər. Regionu müşahidə edən bəzi ekspertlər deyir ki, o, Suriyanın Xəlifə Haftarına çevrilə bilər. Sonuncu BMT-nin tanıdığı Liviya Milli Barışıq Hökumətinin hakimiyyətinə meydan oxuyan, BƏƏ və Misirə yaxınlığıyla seçilən hərbi komandirdir.

"Mən əminəm ki, BƏƏ və [Misir prezidenti] əl-Sisi Suriyadakı üsyançılar fəallaşarsa, onlara kömək edəcəklər", - Yassin-Kəssab belə deyib və əlavə edib ki, bütün bunlar yeni Suriya administrasiyasının qayda-qanun və hakimiyyətini nə dərəcədə səmərəli və tez qura biləcəyindən asılıdır: "Amma işdir, bütövlükdə durum pisləşərsə, onda [əl-Avda] xaricdən dəstək alan səhra komandirlərindən birinə çevriləcək".