Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd Cəmilə Əlişeva ona inzibati əngəllərin yaradıldığını bildirir.
C.Əlişeva deyib ki, 23 saylı Dairə Seçki Komissiyasında (DSK) onun vəkilləri olacaq şəxslər üçün anket vərəqələri verilmir: "Biz dünən, yanvarın 14-də anket vərəqələri üçün gəldik, DSK sədri Ağabala Quliyev bizə dedi ki, 'anketlər qurtarıb, sabah gəlin'. Bu gün də gəlmişik, yenə dedi ki, 'yoxdur'. Mərkəzi Seçki Komissiyasına şikayət etdik, oradan Ağabala müəllimə zəng vururlar, zəngləri açmır. İndi isə ümumiyyətlə çıxıb gedib".
Namizədin sözlərinə görə, anketlər doldurulmalı, sonra isə notariusda təsdiqlənməlidir: "Yalnız bundan sonra vəkillərim öz səlahiyyətlərini icra edə bilərlər. Hazırda təşviqat kampaniyası gedir və bu süni əngəllər bizə kampaniya aparmağa imkan vermir".
23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasından “Turan”a deyilənlərlə bağlı məlumatlı olmadıqlarını bildiriblər və komissiya sədri ilə danışmağı məsləhət görüblər.
Komissiyanın sədri A.Quliyev və Mərkəzi Seçki Komissiyası ilə isə, hələlik, əlaqə saxlamaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək. Əslində, onun ötən ilin sonunda keçirilməsi gözlənirdi. Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də baş tutub. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar. Milli Məclisin üzvləri bu barədə tənqidlərə cavab verərkən gecikməni ötən il noyabrın 11-dən 22-dək Bakıda COP29 konfransının keçirilməsi ilə əlaqələndiriblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.
Mərkəzi Seçki Komissiyasının (MSK) açıqlamasına görə, yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Namizədlərin isə təqribən iki dəfə çox - 16 min olduğu açıqlanıb.