Delimitasiya komissiyalarının işi sülh sazişinin bağlanmasını sürətləndirə bilərmi?

12.7 kilometr uzunluğunda sərhəd xətti artıq müəyyən edilib.

Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib.

Bununla bağlı yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyalarının iclasında razılıq əldə edilib.

"... Kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər", - AZƏRTAC-ın məlumatında vurğulanır.

Beləliklə, komissiyaların işində artıq müəyyən irəliləyişlər özünü göstərməkdədir. Hətta ötən ilin mayında delimitasiya işləri nəticəsində 12.7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Bununla da Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycanın nəzarətinə qaytarılması təmin edilib.

Dövlət komissiyalarının razılaşdırılmasına görə, delimitasiya prosesi 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında aparılır.

Hikmət Babaoğlu

Deputat: "Bu, özü-özlüyündə çox mühüm məsələdir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyaların reqlamenti rəsmi sənəd halına gətirilərək imzalanıb: "Bu, Ermənistanla Azərbaycan arasında imzalanan ilk sənəd və razılaşdırılmış ilk fəaliyyət planıdır. Bu, özü-özlüyündə çox mühüm məsələdir".

Deputat hesab edir ki, komissiyaların fəaliyyətini real iş kontekstində qiymətləndirmək lazımdır: "Məlumdur ki, sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Amma ortada razılaşdırılmış bir mətn yoxdur. Sözügedən komissiyalarının Əsasnaməsi isə tam razılaşdırılmış bir sənəddir. Diqqət etsək, görəcəyik ki, artıq sənəd əsasında konkret fəaliyyət də həyata keçirilib".

Sülh sazişində razılaşdırılmayan məqam kimi konstitusiyaya dəyişiklik və bir-birlərinə qarşı beynəlxalq iddiaların dayandırılmasından bəhs edilir. Azərbaycan tərəfi bildirir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, Ermənistan tərəfi isə bunun əksini söyləyir.

H.Babaoğlu qeyd edib ki, yanvarın 16-da keçirilən görüşdə növbəti və daha intensiv addımlar üçün bir mərhələ başlayıb: "Bu, yeni bir mərhələdir. Üç Qafqaz ölkəsinin sərhədindən başlayaraq cənuba doğru, İran sərhədinə qədər istiqamət müəyyənləşdirildi".

Deputatın sözlərinə görə, delimitasiya prosesi nə qədər sürətlə gedəcəksə və nə qədər çox ərazi üzrə razılaşma əldə ediləcəksə, o qədər çox iki ölkə sülhə yaxınlaşmış olacaq.

Nəsimi Məmmədli

"Komissiyaların işi dövlət başçılarının siyasi iradəsindən asılıdır"

Siyasi şərhçi Nəsimi Məmmədli isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, bu komissiyaların işi dövlət başçılarının siyasi iradəsindən asılıdır: "Komissiyalar texniki işləri icra edirlər. Əgər dövlət başçıları hər hansı məsələdə razılığa gəliblərsə, komissiyalar da bunun icrasını həyata keçirir. Bu baxımından belə görünür ki, Azərbaycan və Ermənistan dövlət başçıları arasında konstruktiv razılaşmalar var, bunlar komissiyaların işinə təsir göstərir".

Komissiyaların işinin sülh müqaviləsinə təsiri ilə bağlı məsələyə gəlincə, politoloq hesab edir ki, bunlar bir-biri ilə əlaqəli prosesdir: "Əgər sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı irəliləyiş varsa, bu, sülh prosesinə müəyyən təsir göstərir. Bu baxımından, artıq dövlətlər arasında həlli çətin bir məsələ yoxdur. Faktiki Azərbaycan əraziləri işğaldan azad edib, Ermənistan hökumətinin bununla bağlı hər hansı prinsipial etirazını da görməmişik. "Zəngəzur dəhlizi" (Ermənistanın Sünik bölgəsindən keçəcək yol) məsələsi də sülh gündəliyindən çıxarılıb. Ona görə də bu təmaslar sülh prosesini sürətləndirir".

Delimitasiya prosesi zamanı, bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir. Bu proses yekunlaşdıqdan sonra dövlət sərhədi xətti ilə bağlı müqavilə imzalanır.

Demarkasiya isə dövlət sərhədinin müəyyənləşdirilməsinin ikinci mərhələsidir.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağda "lokal antiterror tədbirləri" nəticəsində ərazi bütövlüyünü bərpa edib. Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır.